"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

İsa dirildi!

DİRİLMƏ (1597 – 1604) – EL QREKO

Əsər Nacional del Prado muzeyində, Madriddə sərgilənir; renessans dövrü, manyerizm (mannerism) alt-qrupuna aid edilir.

053 Diriliş The Resurrection - El Greco

El Qreko təxəllüsü ilə tanınan, yunan əsilli İspaniya rəssamı. Yaşadığı dövrdə layiqincə dəyər görməmiş, şöhrət almamış sənət sevdalısı…

Normadan artıq incə və uzun fiqurlar, ruhabənzər, kabusvari görüntülər və qəribə rəng tonları ilə Renessans (İntibah)  əsərlərinə uyğun olmayan tərzin diqqətdən kənar qalma səbəbi təəccüblü deyil. Bu qeyri-adi tərzi ilə El Qreko, tam dörd yüz il sonra gələcək kubizm və ekspressionizm janrlarının ilk siqnallarını verir.  El Qrekonun XX əsrin əvvəllərində yenidən kəşf edilərək, tərzinin təqdir edilməsi, adını çəkdiyimiz sənət axımlarının yaranması üçün əsas olmuşdur.

Əsərin mövzusu olan “Diriliş” möcüzəsi, çarmıxdan endirilərək məzara uzadılan İsanın bir neçə gündən sonra yeinidən dirilib məzarından çıxması hadisəsidir. Çarmıxdan endirilib daş məzara yerləşdirilən İsanın ölü bədəni 3cü gündə məzarından canlı halda çıxarılmışdıır. Dirilən İsa,  məzarda çıxandan sonra, 40 gün içində müxtəlif insanlara görünmüş, daha sonra ərşə yüksəlmişdir.

Rəsmdə İsanın, məzarı başında növbədə duran romalı əsgərlərin önündə məzardan çıxması anı canlandırılmışdır. Məzanın ətrafını yarımdairə şəklində dövrə alan əsgərlər İsanın canlanaraq qalxan görüntüsünə müxtəlif reaksiyalar verirlər. Bəziləri silahlarına əl atarkən, digərləri təəccüb içindədirlər. Rəsmin ön planında görünən sarı paltarlı əsgər hadisənin heyrəti ilə arxaya yuvarlanmaqdadır. Bu yerə doğru hərəkətin tam tərsi istiqamətində İsa göyə yüksəlməkdə, lakin bunu şüurlu və rahat bir şəkildə etməkdədir.

Sanki rəqs edən kimi yerləşdirilmiş xətləri ilə əsgərlər rəsmin alt hissəsində bir dinamizm, hərəkətlilik yaradarkən, rəsmin üst hissəsində İsa ağır-ağır yüksələn bir heykələ bənzəməkdədir. Yenidən doğulmuş gənc bədəni ilə İsa, artıq çarmıxa çəkilmənin izlərini – *stiqmata – üzərində daşımır. Əlindəki bəyaz bayraq doğumun ölüm üzərində zəfərini simvolizə edir və parlaq qırmızı tondakı örtük isə şəhidliyin və qurban edilmənin simvoludur. İsanın başındakı halqanın dairəvi deyil, düzbucaqlı olması isə Bizans dövrü sənət anlayışının göstəricisidir.

*Stiqmata : İsanın çarmıxa çəkilməsi zamanı bədənində açılmış yaralara verilən ümumi ad. Bu 5 müqəddəs yaranın ikisi əllərdə, ikisi ayaqlarda, bir digəri isə bədəndə, sinəsinin tam altında yer alır.