"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

Rəssamlığın alleqoriyası

Yan Vermeer  (1632—1675) — Rembrandt və Frans Halsla yanaşı Holland rəssamlığının qızıl əsrinin üç əsas simasından biri sayılmaqdadır. Yan Vermeer məişət təsvirinin mahir ustasıdır.

JohannesVermeer_-_De_koppelaarster

 

Yan Vermeer “Aradüzəldən” 1656. Belə hesab edilir ki, soldaki kişi Vermeyerin özüdür.

 


Jan_Vermeer_van_Delft_011

Yan Vermeer “Rəssamlığın alleqoriyası” (və yaxud “Rəssam və model”, “Rəssamlığ incəsənəti”) 1666-1667, kətan, yağlı boya, 130×110, İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya.

Yan Vermeerin ölcülərinə görə ən böyük işlərindən biri olan “Rəssamlığın alleqoriyası” rəsm əsəri onun ən gözəl işlərindən biri hesab edilməkdədir. Soyuq intellektual alleqoriyalarla zəngin rəsm əsəri Holland rəssamlığının qızıl dövrünün sonunda italyan akademizminin təsiri ilə çəklimişdir.

946067_621063444620150_307362045_n

Rəsmdəki alleqoriyaların sıralaması 

1. Klio – ənənəvi olaraq tarixin muzası sayılır, lakin onun himayəsi altında tək humanitar alimlər deyil rəssamlarda var. Beləki hər iki peşənin sahiblərinin vəzifəsi ötmüş hadisələri işıqlandırmaq və mədh etməkdir. Buna görə Klionu həmdə şöhrət muzası adlandırırlar.clio_vermeer

2. Dəfnə budağı – Klionun bəxş etdiyi alicənablıq və şan şöhrətin simvolu.


3. Truba, Kərənay (nəfəslə çalınan musiqi aləti) – truba səsiylə çalınmağa layiq qələbənin simvolu

OLYMPUS DIGITAL CAMERA

17-ci əsrə aid barokko trubaları.


4. Kitab – tarixi biliklərin alleqoriyası. Obrazın təsir gücünü artırmaq üçün adətən ya Heredotun “Tarix” kitabın, ya da Fukididin Peloppones mühribəsindən bəhs edən kitabın çəkirdilər.

5. Niderlandın xəritəsi – Vermeerin vətəninin əzəmətinin simvolu. Orada XVI-əsrdə Niderlandı təşkil edən 17 əyalət adlandırılan əyalətlər təsvir edilmişdir. O dövrdə Niderlandın ərazisi müqəddəs roma imperiyası daxilində ən böyük ölçüyə çatmışdı. Sonradan İspaniya ilə müharibə nəticəsində bu torpaqlar şimalda Hollandiya cənubda Flandriyaya (ispaniyanın tərkibində) ayrılmışdır.

6. Rəssamın geyimi – Burqund dubleti adlanır. XVII əsrin sonunda o artıq dəbdən düşmüşdü. Lakin Vermeer özünü məhz onda təsvir edir və burda siyasi sətiraltı məna var. Niderlandın XVI-əsrdə daxil olduğu sahə məhz Burqund dairəsi (mahalı) adlanırdı.

Johannes_Vermeer_-_The_Art_of_Painting_(detail)_-_WGA24677
7. Xəritənin yuxarı hissəsindəki yazıda deyilir “Nikolay Piskator tərəfindən yığılmış məlumatlar əsasında yeni dəqiq məlumatlarla və yeni dəlillərlə təsvir edilmiş Daxili Almaniyanın (Niderlandın) 17 yeni əyaləti” (NOVA XVII PROV[IN]CIARUM [GERMANIAE INF] ERI[O]RIS DESCRIPTIO ET ACCURATA EDIT[A P]ER NICOLAUM PISCATOREM).

8. Oyma üsulu ilə şəhərlərin təsviri – Brüsel, Lüksemburq, Amsterdam, Haaqa, Antverpen və başqaları. Xəritəni sağ və sol hissədən çərcivəyə almışdır. Xüsusi olaraq Haaqa secilir. Klio trubanı məhz onun önündə tutur. Bu şəhər inqilab zamanı İspanlardan azad olmuş hökümətin ilk iqamətgahı olmuşdur. Üsyan özü Hollandların bir nömrəli qürur mənbəyidir

9. Stolun üzərində Oranlı Vilhelmin maskasını görürük. Vilhelm üsyan etmiş Niderlandın birinci ştatqalteri (canişini) olmuşdur

10. Şamdan üzərində ikibaşlı qartal təsviri – Habsburqlar sülaləsinin gerbi. Hollandların əksəriyyətinin protestant olmasına baxmayaraq Vermeer katolik idi və buna görə katolik krallara simpatiyası var idi.

Johannes_Vermeer_-_The_Art_of_Painting_(detail)_-_WGA24678

“Rəssamlığın allegoriyası” rəsm əsəri Vermeerin həyatında mühüm yer tutur. Böyük borcları olmasına baxmayaraq rəssam tablonu satmamış və varislərinə əsəri ondan xatirə kimi saxlamağı vəsiyyət etmişdir. Rəsmdə 1603-cü il Niderlanda baş verən siyasi hadisələr öz simvolik təsvirini tapmışdır. Bu zaman üstünlüyü hollandların əlində olan fransa-hollandiya müharibəsi gedirdi və Vermeer hadisələrdən kənarda qalmamış milli ruhu yüksəldən ölkəsinin şanlı tarixindən simvolların dili ilə danışan bu rəsm əsərini yaratmışdır. Bu konteksdə Klio tək rəssamın muzası kimi deyil həmdə xalqının qələbəsinin çarcısı kimi qəbul edilir.


Bir şərh yazın

Mondrianın rəngləri

Mondrian_Zelfportret

Pit Mondrian “Avtoportret” 1900, Vaşinqton

Pit Mondrian (1911-1944) – Niderland rəssamı, Kandinski və Maleviçlə birlikdə abstraksionizmin əsasını qoymuşdur.

 

 

 

 

 

 

 

 

Pit Mondrian “Qırmızı, göy və sarıyla kompozisiya” 1930.
kətan, yağlı boya, 45×45 sm.
İncəsənət muzeyi, Sürix, İsvecrə.

Piet_Mondriaan,_1930_-_Mondrian_Composition_II_in_Red,_Blue,_and_Yellow

Bu rəsmdir? Bəs burda nəyə baxmalıyıq?

Bəli, əlbətdə bu bizim görməyə öyrəşdiyimiz ənənəvi rəsm deyil. Bir çox rəssamlar təsvir üçün daha cəlbedici və maraqlı sujetlər portret, təbiətin təsviri və. s. secirlər. Bəzən isə rəssam dünyanı olduğundan daha sadə təsvir etməyə çalışır. Mondrian da məhz bu yolu secənlərdəndir.

Bu rəsmdə nə çəkilib?

Dəqiq hecnə! Lakin rəsm seyricini rəssamın məqsədləri barədə düşünməyə vadar edir. Belə düşünək ki, rəssam hazır əşyalar çəkmək istəməyib onların nədən hazırlandığını, hissələrinin rəsmini çəkmək istəyib. Bu müxtəlif rəngli hissələrdən istədiyni yığmağa kömək edən oyuna bənzəyir.

Bəlkə rəssam əsl rəsm çəkə bilmirdi?

Əsla. Mondrian həm təsvirlə həm sənətlə mükəmməl məşğul olmağı bacaran biri idi. O, rəsm çəkməyi əla bacarırdı və bununla uzun illər boyu məşğul olmuşdu. Lakin bu ona zövq vermirdi o daim nəyinsə axtarışında idi. Yavaş yavaş o rəsmlərindən artıq və lazımsız bildiyi hər şeyi silirdi.
Müəyyən bir anda kətanda üç rəng və düz xəttlər qaldı. Nəticə rəssamı tam qane etdi.

Piet_Mondrian,_1908-10,_Evening;_Red_Tree_(Avond;_De_rode_boom),_oil_on_canvas,_70_x_99_cm,_Gemeentemuseum_Den_Haag

Pit Mondrian “Qırmızı ağaç” 1908-1910, Haaqa

Mondrian,_Evolution_(Triptychon),_1911

Pit Mondrian “Evalusiya” (triptix) 1911, Amsterdam.

скачанные файлы

Pit Mondrian “Dəyirman axşamçağı”

Mondrian xətkeşlə çəkirdi?

Mümkündür. Bu dəqiq düşünülmüş, uyğunlaşdırılmış bir rəsmdir. O, rəngli kağız vasitəsilə rənglərin sərhəddini təyin edir sərhədləri kömürlə işarələyib sonradan fırçanı əlinə alırdı.

ZIaN7Q2sFMs

Foto: Pit Mondrian Emalatxanasında

Qırmızı, göy, sarı… Niyə məhz bu üç rəng?

Bunlar çox vacib rənglərdir. Onları müxtəlif paylarda qarışdırsaq çoxlu digər rənglər yaşıl,bənövşəyi, narıncı və həmçinin sonsuz sayda rəng çaları almaq mümkündür. Ən maraqlısı isə sadaladığımız rənglərdən bu rəngləri almaq mümkün deyil. Buna görə də onları əsas rənglər adlandırırlar.

420px-Synthese+.svg

Additiv modeldə rənglərin qarışdırılması.

Burda həmçinin qara və ağ rəngdə görə bilərik.

Ağ və qara olmadan rəngi daha tünd və parlaq etmək olmaz. Qara xətlər məkanı formaca müxtəlif olan vertikal və horizontal uzanmış rəsmi bütövləşdirən düzxətlərə bölür. Ağ əlavələr boşluq, işıq, hava, hissi yaradır. Onlarla rəsm rahat nəfəs alır. Müxtəlif rəngli düzxətlər rəng enerjisi ilə doludur. Məs. qırmızı alov, qan, günbatımı ilə assosiasiya oluna bilər… Qara xəttlər rəsmə tamlıq verir və onu sabit saxlayır.


Bir şərh yazın

Rembrandt “Danaya” (1636)

1072529_678463922213435_65789922_o

Bu mifoloji süjetin əsasında bir çox rəssam rəsm əsəri yaratmışdır(məs. Tisian, Korrecco, Klimt, Qossert). Söhbət əfsanəfi qəhrəman Perseyin anası Danaya haqda mifdən gedir. Arqos hökmüdarı orakuldan gələcəkdə nəvəsinin əlindən ölüm xəbəri alır. Bundan sonra hökmdar Akrisi yeganə qızı olan Danayanı yeraltında gizlədir. Lakin baş tanrı Zevs Danayanı sevərək onun yanına qızıl yağış cismində daxil olur və bundan sonra Persey anadan olur.

64951_678466242213203_1628132562_n

Fraqment 1
Rembrandt bu hekayəyə biraz fərqli yanaşır.

1239842_678466428879851_1417518999_n

Fraqment 2
Qulluqçunun açdığı örtükdən düşən işıq gənc qadının çılpaq bədənini aşkar edir. Qadın başını balışın üstündən qaldırıb sağ əlini işıq tərəfə uzadıb, sanki onu əli ilə hiss etmək istəyir. Onun bir qədər sadəlövh baxışı işığa tərəf yönəlib, dodaqları yarım gülümsəyir. Qarışıq saç düzümü, əzilmiş balış – bütün bunlar qadının biraz əvvəl yatağında şirin yuxular gördüyünə işarədir. Qadının çılpaq bədəni öz yumşaq konturları ilə, işıq və kölgənin oyunu ilə diqqət cəlb edir. Müasir qanunlara görə qadın incəliyi və gözəllik simvolu hesab olunmağına baxmayaraq, onun fiqurasında müdafiəsizlik və yumşaqlıq hiss olunur. Digət rəssamların əsərlərində fərqli olaraq bu əsərdə Zevsi simvolizə edən qızıl yağış yoxdur və Danayanın baxışı gözlənildiyi kimi yuxarıya yox, uzadılmış əli tərəfə yönəlmişdir. Onun əlləri qolbağlarla bəzədilmişdir və sol əlinin adsız barmağında bir üzük var (nişan üzüyu?). Qadının hər bir jesti, üz cizgisi, bədən hərəkəti gözə görünməz bir partnyoru güman edir. Yağış əvəzinə – qızılı işıq, xoşbəxtliyin, sevginin, xilasın təcəssümü. Bu isə mifin ziddinə gedir. Görəsən niyə?

10001370_678466598879834_554903969_n

Fraqment 3
Ən son rentgenoloji tədqiqatlar bu dəyişiklərin əsərə daha sonradan tətbiq olunduğundan xəbər verir. Belə ki, ilkin variantda model Rembrandtın birinci arvadı Saskiya olmuşdur. Onun 1642-ci ildə ölümündən sonra rəssam əsəri bir daha işləyir və Danayaya ikinci arvadı Geertye Dirks-in üz cizgilərini verir, nəticədə Danaya həm Saskiya, həm Geertyenin üz cizgilərinin qarışığına malik olur. Həmçinin rentgenoskopiya əvvəlki variantda qızıl yağışının da olduğunu göstərib.
10170976_678466718879822_1407606514_n

Turşu töküldükdən 1 saat sonra çəkilmiş foto
Bundan başqa tablo vandalizm aktına məruz qaldığına görə də məşhurdur. 15 iyun 1985 Ermitajın Rembtrandt zalına ekskursiya içində bir kişi daxil olur və muzey işçilərindən buradaki rəsm əsərlərinin hansının daha qiymətli olduğunu soruşur. Bundan sonra o “Danaya”ya yaxınlaşır, gizlincə sulfat turşusu olan butulka çıxardır və tablonun düz mərkəzinə tökür. Sonra isə əsərə iki bıçaq zərbəsi vurur. Boyalar o dəqiqə yayılıb kğpüklənməyə başlayır və bir müddət sonra əsərin mərkəzində ancaq ləkələr və boya axınları qalır.
Vandal Litva sakini 48 yaşlı Bronyus Maygis daha sonradan ruhi xəstə elan edilir və məcburi müalicəyə göndərilmişdir. O, bu hərəkətini siyasi motivlərlə əsaslayıb.

 

1797402_678466875546473_739373350_n

Restavrasiya zamanı çəkilmiş foto
Əsərin restavrasiyası dərhal başlamışdır, halbuki bir çox ekspert onun müvəffəqiyətinə inanmırdı. 12 il sürən mürəkkəb restavrasiyadan sonra “Danaya” yenidən 1997-ci ildə sərgilənməyə başlamışdır, bu dəfə artıq zirehli şüşə altında.

 

Rembrandt (1606-1669, Niderland)
“Danaya” 
1636
kətan, yağlı boya
Ermitaj, Sankt-Peterburq


Bir şərh yazın

Böyük Holland rəngkarlığının kiçik ustaları

Still_life_with_Wine_Glass_and_Silver_Bowl_WGA

Kiçik Hollandlar (Holland barokkosu) – kiçik ölçüdə (adları buradan gəlir) məişət və peyzaj rəsmləri çəkən bir qrup 17-ci əsr Holland rəssamların birləşdiyi şərti qruplaşma. Kiçik Hollandların yaradıçılığının xüsusiyyətləri Holland rəssamlığının tarixi inkişafı və bazarın konyekturası (bazarda nəyə tələbin olması ehtimalı) ilə əlaqəli idi. Onların rəsm əsərləri saraylar və məbədlərin divarını bəzəmək üçün deyil adi evlər üçün nəzərdə tutulurdu. Onları şəhər əhalisi, ustalar və hətda kəndçilər alırdılar. Onların rəsmləri demək olar ki, hər evdə var idi. Kiçik Hollandların rəsmləri üçün təsvirin inçəliyi, kiçik detalların xüsusi ifadəliliyi, rəng nüanslarının gözəlliyi, ümumi rahatlıq duyğusu, interyer mühitində personajların doğmalığı və birləşməyinin təsvirinin mükəmməl verilməsi xarakterikdir.

Kiçik Hollandlar – Niderland İntibahının, rəngkarlıq yalnız zövq verməli deyil, həmçinin daima mənəvi dəyərlər barədə insanlara xatırlatma rolu oynamalıdır – rəsm ənənələrini öz rəsmlərində yaşatmağa davam etdilər.

Şimali Niderlandiyada qalib gələn protestantizm qaydalarına görə məbədlərin daxili divarları rəsm və heykəllərlə bəzədilmirdi. Lakin ictimai binalarda, şəhər və kənd sakinlərinin evlərini çoxlu sayda rəsm əsərləri bəzəyirdi. Rəsmlərin mövzuları kübar olsada onlarda gizlin dini və fəlsəfi simvollar öz əksini tapırdı. Məişət rəsmi, natürmort və peyzaj kimi rəssamlıq janrları məhz Niderlanda müstəqillik qazanmış və inkişaf etmişdir.

1459735_616574965068998_1689790390_n

Filips Vauerman “Dalğalarda məhv olan gəmilər” 1650.

Kiçik Hollandların bir xüsusiyyəti maraqlıdır ki, bu qruplaşmaya daxil olan rəssamların hər biri müəyyən bir janrda ixtisaslaşır və digərlərinin janrına ümumiyyətlə daxil olmurdu. Beləki, gördüyünüz rəsmin müəllifi Xendrik Averkamp məhz qış peyzajlarının ustası idi və bu sifarişləri əsasən o alırdı.

Kiçik Hollandların rəsmləri kişik ölçüdə lakin dəqiqliklə işlənmiş olurdu. P. de Xox, Yan van Qoyen, Yan və S. van Reysdal, E. de Vitte, P. Klass, V. Xeda, V. Kalf, Q. Terborx, Q. Metsyü, A. Van Otsade, Yan Sten, A. Keyp və digərləri bu qruplaşmanın ən tanınmış üzvlərindəndir.

Onların gündəlik həyatda görməyə öyrəşdiyimiz və biganə yanaşdığımız hallarda gözəllik və poeziyanı görmə baçarığı, məişət hadisəsinin sadə təsvir etmə mahərəti, əşyaları seçmə baçarıqları və təbiətin böyüklüyünü əks etdirmək üçün secdikləri mənzərələr günü bu gündə göz oxşamaqdadır.

1424550_616565251736636_1892186322_n

Xendrik Averkamp “Buz üzərində səhnə” 1610, Kətan, yağlı boya. Reyxsmuzey.

1483438_616572685069226_1214906619_n

Xendrik Averkamp “Ay işığında balıqçılar” 1620. 


Bir şərh yazın

İmperiya üçün rekviyem.

1507705_628365587223269_2126129414_n (1)

Böyük Piter Breygel.
Babil qülləsi. 1563
Ağac, yağlı boya 114×155 sm
İncəsənət tarixi muzeyi, Vyana.

XV əsr alman filosofu Nikolay Kuzanskinin fikrinə görə, insanı heyvandan ayıran əsas cəhət onun daim təlaşda olmasıdır. Minillərlə təlaş həyatımızı zəhərləsdə həmişə onun başlanğıc enerjis olub. Bu xüsusi olaraq tarixin dönüş nöqtələrində daha qabarıq özünü göstərmişdir: XX əsrin əvvəli və yaxud beş əsr bundan qabaq yeni dövrün başlanğıcı buna bariz nümunə ola bilər.

1-ci qüllə.
Arxitektura baxımından Breygelin Babil qülləsi roma kolizeyin təkrarlayır (lakin ondan fərqli olaraq Babil qülləsi üç deyil yeddi qüllədən ibarətdir). Kolizey xristianların təqib olunmasının simvoludur, orada İsa Məsihin ilk ardıçılların edam edirdilər. Breygelin traktovkasında (izahında) bütün Habsburqlar imperiyası rəssamın fikrinə görə həqiqi xristianlar olan protestanların (Rəssamın vətəni Niderland da protestant məshəbindəndir) qəddarcasına təqib edildiyi, mənfur katolisizmin güclə yeridildiyi belə bir “Kolizeydir”.

2-ci qüllə.
Qüllənin içində, obrazlı şəkildə ürəyində rəssam romadaki müqəddəs mələk qəsrini təkrarlayan tikilini yerləşdirmişdir. Orta əsrlərdə bu qəsr Roma papalarının rəsmi qərargahı olub, katolik kilsəsinin gücünün simvolu sayılırdı.

3 – Nimrod.
İosif Flavinin “Yəhudi qədimliyi” kitabına əsasən Nimrod Babil Qülləsinin tikilməsini əmr etmiş həmən cardır. Tarixdə Nimrod qəddar və qürurlu bir hakim kimi ad qoymuşdur. Breygel onu Karlı nəzərdə tutaraq avropa monarxına uyğun bir tərzdə təsvir etmişdir. Karlın şərq despotizminə işarə vuraraq Breygel onun yanında səcdə edən bənnaları təsvir etmişdir; Onlar iki ayağı üzrə səcdə edirlər beləki, qərbdə (avropada) monarxın önündə bir ayağı üstə səcdə edilirdi.

4. Antverpen
Bir-birinə sıx qalanmış evlər tək realistik simvol deyil, həm də yer üzündəki təlaşın simvoludur.

5. Emalatxanalar
Kiril Cuprak danışır ki: “Breygel tikinti texnologiyasının gedişatını göstərir” – Ön planda o əl əməyindən istifadə edildiyini təsvir edir. Taxta çəkiçlər və zubllar vasitəsiylə bənnalar daş blokları emal edirlər.

6. Bir az aralıda inşaatçılar daş blokları şüvül vasitəsiylə daşıyırlar.

7. Qüllənin birinci mərtəbəsində blok və ip vasitəsiylə yükləri yuxarı qaldıran oxlu kran işləyir.

8. Bir az solda daha böyük kran işləyir. Burada ayaqlarla hərəkətə gətirilən barabana ip birbaşa dolanır.

9. yuxarıda 3-cü mərtəbədə ağır yük qaldıran kran var. O ayaqlar vasitəsiylə hərəkətə gətirilir.

10. Daxmalar
Kril Cuprakın sözlərinə görə o, zamanlar qülləni tikən işçilər elə oradaca özlərinə qalmağa kiçik daxmalar tikirdilər.

11. Limanda daxil olan gəmilərin yelkənləri bağlıdır. Bu isə aldanmış xəyallar və qacılmazlıq simvoludur.