"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

La Primavera

Bir şərh yazın

Botticelli-primavera.jpg

Bu möhtəşəm və tanınmış rəsm əsəri, Botiçelli tərəfindən Lorenzo di Pierfrançesko de Mediçi, Böyük Lorenzonun kuzeni üçün çəkilmişdir. Hamımıza məlumdur ki, Mediçi ailəsi Florensiyanın ən vacib, tanınmış bankir ailəsi və daha sonra Toscania kraliyyət evinin sahibi olmuşlar.

Lorenzo_de'_Medici-ritratto.jpg

Girolama Macchietti “Lorenzo de Mediçinin portreti” XVI əsr

Tənqidçilər əsərin tarixi barədə yek fikrə sahib deyillər. Hər bir halda isə əsərin 1477-1482-ci illər civarında çəkildiyi güman edilir.

“Bahar” (“Bahar Alleqoriyası” başqa ad ilə) alleqorik yozumlara sahibdir: əsərin məna təhlili hələ də qəliz və qeyri-səlisdir. Digər bütün nəzəriyyələr içərisində əsərin daha uyumlu təhlili şahir Poliziano tərəfindən verilmişdir.

Çəmənliyin qüsursuz təsviri, rənglərin düzgün istifadəsi, fiqurların zərafəti və ümumən şəkildən əsən poeziya rüzgarları, bu əsəri belə məşhur və bütün zamanların ən önəmli rəssamlıq nümunələrindən biri halına gətirmişdir

Əsərin sənətşünas, ya da elə sənətsevərlər tərəfindən edilən sonsuz təhlillərini, bütün nəzəriyyələri bir tərəfə qoysaq, əmin olduğumuz bir şey yenə də qalar: Venera xeyir əməl, doğru iradədir, o material dünyanı (sağ) mənəvi saflıqdan (sol) birdəfəlik ayırmağa müvəffəq olmuşdur. “Humanitas” öz bacarıqlarından əmin olan, güclü iradəli, nikbin bir insan idealını təbliğ edir. Bu qədim konsepsiya Mediçi sarayında aktual olacaq İntibah HumanizmiNeoplatonizm üçün bir zəmin hazırlayırdı.

Neoplatonizm – qədim Yunan filosofu Platonun ideyalarını xristianlığın ən nəcib konseptləri ilə calaşdırmağa çalışan yeni fəlsəfi və estetik cərəyan idi. Kamil eşq və ideal gözəlliyə bağlı neoplatonik konsepsiya İntibah mədəniyyəti və Botiçelli fırçasına birbaşa təsir göstərmişdir.

Digər bir tərəfdən düşünsək ki, Bottiçelli və onun müştərisi, Mediçi ailəsinin sənətə olan dərin, uzaqgörən və universal sevgisini mədh etməyə çalışmışlar – yəqin ki, yanılmış olmarıq. Uffizi qalereyasında,10-14cü otaqlar Bottiçelli sənətinə həsr olunub. Yolunuz düşsə, baş çəkməyi unutmazsınız.

Aşağıda qısa təhlillə tanış olaq:

Rəsmin tam ortasında yer alan, əynində parlaq narıncı rəng paltarı ilə Qədim Roma eşq və məhəbbət tanrısı Veneradır. Gözəllik və eşqlə bahəm, gəncliyin, bolluğun, yeniliyin, dəyişikliyin –  bilavasitə, baharın xəbərçisidir.

4131637796_0fd541619b_b.jpg Veneranın sağ tərəfində çiçəkli paltarı və ətəyinə yığdığı gülləri ilə diqqət cəlb edən Roma “Çiçək” tanrısı Flora dayanır. Qucağındakı güllər Veneranın təmsilidir. Floranın üzərində bütün çiçək və güllər – 500ə yaxın real çiçək növlərindən ilhamlanaraq çəkilmişdir. Əsərin bu fərqli cəhəti onun sənət aləmində önəmli bir  yer tutduğuna işarə edir.

flora_detail2.gif

Floranın yanında isə Xloris adlı bir pəri dayanır. Xlorisin sağ üstündə isə mavi-boz çalarlara sahib, “Qərb küləkləri” tanrısı Zefir dayanır. Zefir, Veneranın bağçasına girə bilən yeganə küləkdir. Yunanıstanlı Ovidin “Metamarfoz”unda danışılan hekayəni əsas götürsək, Zefir Xlorisi daim izləyir, ona sahib olmağa çalışır. Sonda isə onlar evlənir və birlikdə sonsuz bahar yaşayırlar. Rəsmdə də belə bir an təsvir edilmişdir, Zefirdən qaçaraq bağırmağa çalışan Xlorisin dodaqlarından bu anda sözlər və səslər çiçəklərə çevrilib ətrafa səpələnirlər.

graces_detail.gif

Veneranın solunda isə “Üç Gözəl” təsvir olunmuşdur, onlar rəqs edərək Veneranın sevincini paylaşırlar. Pərilərdən ortada dayanan Zefir və Xlorisin münasibəti qınaq obyektinə çevirsə də, yuxarıda Kupidon (yaxud Eros) tərəfindən ona tuşlanan məhəbbət oxundan hələ bixəbərdir. Sonradan onu da aşiqliq məqamı gözləyir.

venus-hd.jpg

 

 

Veneranın yuxarısında görünən qanadlı, “silahlı” balaca uşaq Veneranın oğlu eşq tanrısı Erosdur. Bu şəkildə rəsmin baharla birlikdə, altmənasında “evlilik” mövzusu da işlənmişdir. Rəsmdə Erosun gözüqapalı təsvir edilməsi klassik eşq tərifinin təcəssümüdür, bəlkə də. – “Eşqin gözü kordur”.

 

 

Ən sol tərəfdəki qüvvətli və yaraşıqlı oğlan fiquru isə romalıların “Xəbər” tanrısı Merkuridir. (Yunan mifologiyasındakı qarşılığı Hermes). Merkuri, Veneranın bağçasına girməkdə olan qara buludları dağıdır, çünki Veneranın məkanında onlara yer yoxdur. Merkuri obrazı, ya Lorenzo di Pierfrançenso de Mediçi, yaxud onun kuzeni Culiano de Mediçini canlandırmaqdadır. Yuxarıda da qeyd olunduğu kimi, bu rəsm əslində Mediçi nəslinin köklü ailələrindən birində evlənmə – toy hadisəsinə işarə edir.

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir şərh yazın